13.11.2023

Eksternat qaydasında attestat almaq istəyənlərin nəzərinə!

Əvvəlki illərdə ümumi təhsil müəssisələrində oxuyub ümumi orta və tam orta təhsil səviyyəsini bitirə bilməyən şəxslər üçün 13 noyabr 2023-cü il tarixdən 13 dekabr 2023-cü il tarixədək eksternat təhsilalma forması üzrə ümumi orta və ya tam orta təhsil haqqında təhsil sənədi almaq məqsədilə sənəd qəbulu həyata keçiriləcəkdir.

Eksternat qaydada aralıq imtahanlarında əvvəlki illərdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində təhsil almış, lakin ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslər iştirak edə bilərlər.

İmtahanda iştirak etmək istəyən şəxslər aşağıdakı tələb olunan sənədləri yaşadıqları rayon üzrə təhsil sektorlarına yaxınlaşaraq təqdim edə bilərlər.

1. Rayon təhsil sektorunun müdirinin adına ünvanlanmış ərizə (faktiki yaşadığı ünvan və əlaqə nömrəsi qeyd edilməlidir);

2. Şəxsiyyət vəsiqəsinin surəti;

3. 3x4 ölçüdə iki ədəd fotoşəkil;

4. Tam orta təhsil səviyyəsi üzrə eksternat təhsilalma formasında aralıq imtahanlarında iştirak üçün (11-ci sinif üzrə) müraciət edildiyi halda ümumi orta təhsil haqqında attestatın (şəhadətnamənin) surəti;

5. Ümumi orta təhsil səviyyəsi üzrə eksternat təhsilalma formasında aralıq imtahanlarında iştirak üçün (9-cu sinif üzrə) müraciət edildiyi halda əvvəllər təhsil aldığınız müəssisədən təhsildən yayınma səbəbi və tədris ili göstərilmiş arayışın əsli;

6.Ümumi orta təhsil haqqında attestat almaq üçün müraciət edən şəxslərin yaşı 16-dan, tam orta təhsil haqqında attestat almaq üçün müraciət edən şəxslərin yaşı isə 18-dən aşağı olmamalıdır.

Müraciət edən şəxslər buraxılış imtahanlarından öncə əsas fənlərdən ibarət aralıq imtahanda iştirak edirlər. Tədris dili rus dilində olan şəxslər əlavə olaraq Azərbaycan dili fənnindən imtahan verirlər.

Əlavə sualı olan vətəndaşlar Şəki-Zaqatala Regional Təhsil İdarəsinin (+994) 50 768 54 94 qaynar xətt nömrəsinin whatsappına yazaraq məlumat ala bilərlər.

Nəticələr Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarına kimi açıqlanır. İmtahanlarında uğur qazanmış eksternlər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi və tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququ qazanırlar.