03.11.2022

Eksternat qaydada imtahanların keçirilməsi barədə elan

Əvvəlki illərdə ümumi təhsil müəssisələrində oxuyub, ümumi orta və tam orta təhsil səviyyəsini bitirə bilməyən şəxslər üçün 10 noyabr 2022-ci il tarixdən 09 dekabr 2022-ci il tarixədək eksternat təhsilalma forması üzrə ümumi orta və ya tam orta təhsil haqqında təhsil sənədi almaq məqsədilə sənəd qəbulu həyata keçiriləcəkdir.

Eksternat qaydada aralıq imtahanlarında əvvəlki illərdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində təhsil almış, lakin ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslər iştirak edə bilərlər.

İmtahanda iştirak etmək istəyən şəxslər aşağıdakı tələb olunan sənədləri rayon Təhsil sektoruna yaxınlaşaraq təqdim edə bilərlər.

1. Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdirinin adına ünvanlanmış ərizə (faktiki yaşadığı ünvan və əlaqə nömrəsi qeyd edilməlidir);

2.Şəxsiyyət vəsiqəsinin notarius tərəfindən təsdiq olunmuş surəti;

3.3x4 ölçüdə fotoşəkil;

4.Tam orta təhsil səviyyəsi üzrə eksternat təhsilalma formasında aralıq imtahanlarında iştirak üçün (11-ci sinif üzrə) müraciət edildiyi halda ümumi orta təhsil haqqında attestatın (şəhadətnamənin) notarius tərəfindən təsdiq olunmuş surəti;

5.Əvvəllər təhsil aldığınız müəssisədən əldə etdiyiniz təhsildən yayınma səbəbi və tədris ili göstərilmiş arayışın surəti;

6.Ümumi orta təhsil səviyyəsi haqqında attestat almaq üçün müraciət edən şəxslərin yaşı 16-dan, tam orta təhsil səviyyəsi haqqında attestat almaq üçün müraciət edənin yaşı 18-dən aşağı olmamalıdır.

Müraciət edən şəxslər buraxılış imtahanlarından öncə əsas fənlərdən ibarət aralıq imtahanda iştirak edirlər. Tədris dili rus dilində olan şəxslər əlavə olaraq Azərbaycan dili fənnindən imtahan verirlər.

Əlavə sualı olan vətəndaşlar Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Çağrı Mərkəzinin (+994) 50 768 54 94 əlaqə nömrəsinin whatsappına yazaraq məlumat ala bilərlər.

Nəticələr Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarına kimi açıqlanır. İmtahanlarında uğur qazanmış eksternlər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi və tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququ qazanırlar.

Xüsusi qeyd: Təqdim edilmiş sənədlərdə uyğunsuzluq aşkar edildiyi təqdirdə eksternat qaydada imtahanlarda iştirak barədə ərizə təsdiq edilməyəcək və ərizəçinin əlaqə nömrəsinə bu barədə müvafiq bildiriş göndəriləcəkdir.


Açar sözlər: