Sentyabrın 16-da Zaqatala rayonunda yerləşən Oruc Rəsulov adına Muğanlı kənd tam orta məktəbinin yeni binasının açılış mərasimi keçirilib.
Tədbirdə Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Çapay Məmmədov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Süleymanova, şəhid ailələrinin üzvləri, məktəbin təqaüddə olan müəllimləri, təhsil işçiləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Mərasimdə iştirakçılar məktəbin yeni binasında yaradılan şəraitlə tanış olublar. Bildirilib ki, uzun illər istifadə edilən köhnə məktəb binası yararsız vəziyyətə düşmüşdü. Cari ilin yanvar ayında inşasına başlanılmış üçmərtəbəli, müasir standartlara cavab verən yeni məktəb binası 432 şagird yerlikdir. Məktəbdə 29 sinif otağı, tam təchiz olunmuş kimya, biologiya, fizika kabinet və laboratoriyaları, informatika, gənclərin çağırışaqədərki hazırlıq, texnologiya kabinetləri, məktəbəhazırlıq otağı, kitabxana və kompüterlərlə təchiz olunmuş oxu zalı mövcuddur. Bundan əlavə, 260 nəfərlik akt zalı, 90 nəfərlik bufet və idman zalı şagirdlərin istifadəsinə verilib.
Yeni tədris ilində məktəbdə 380 şagird təhsil alacaq, onların təlim-tərbiyəsi ilə 37 müəllim məşğul olacaq.
Açılış mərasimindən sonra rəsmi şəxslər sinif otaqlarına baş çəkərək "Yaşıl dünya naminə həmrəylik" mövzusunda keçirilən ilk dərsin gedişini izləyiblər.