Balakən Rayon İcra Hakimiyyəti və Balakən rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə Nəsimi adına şəhər 2 nömrəli tam orta məktəbində “Uşaq Səfirlər Məclisi”nin regional nümayəndəlikləri üçün 2024-cü il üzrə Tədbirlər Planına uyğun olaraq “Oğlanlar müzakirəyə qoşulur” layihəsi çərçivəsində “Sağlam bədəndə sağlam yaşam” adlı tədbir təşkil olunub.
"Oğlanlar müzakirəyə qoşulur” layihəsinin məqsədi məktəblilərdə sosial bacarıqların artırılması və onlarda auditoriya qarşısında çıxış edə bilmək bacarıqlarının formalaşdırmasıdır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılan “Uşaq Səfirlər Məclisi”nin Balakən rayonu üzrə regional nümayəndəsi Çingiz İsayevin təqdimatla çıxışı ilə baş tutan tədbirdə məktəbli oğlanlara sağlam həyat tərzinin təmin edilməsi, gündəlik vaxt bölgüsünün idarə olunması, zərərli vərdişləri faydalı vərdişlərlə əvəz etməyin vacibliyi haqqında məlumatlar verilib, onlarla fikir mübadiləsi aparılıb.
Tədbir fiziki tərbiyənin, vətənpərvərlik, milli-mənəvi dəyərlərin aşılanmasının və daha da möhkəmləndirilməsinin əhəmiyyəti barədə Balakən rayonu üzrə təhsil sektorunun, Balakən Gənclər Evi sosial xidmət müəssisəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala regional bölməsinin əməkdaşlarının və müəllimlərin məktəbli oğlanlara tövsiyələri ilə davam etdirilib.
Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb, məktəblilər müzakirələrdə aktiv iştirak edərək öz fikirlərini səsləndiriblər.
Sonda auditoriyanı maraqlandıran suallara cavab verilib.