18.10.2024

Şimal-qərb bölgəsinin məktəblərində 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar tədbirlər keçirilib

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar tədbirlər keçirilib.

Tədbirlərdə yerli rayon təhsil sektorlarının əməkdaşları, məktəb rəhbərləri, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.

Tədbirlər Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Çıxış edənlər o dövrün tarixi-siyasi şəraitinə nəzər salaraq, xalqımızın milli istiqlal uğrunda apardığı mübarizələrdən danışıb və XX yüzilliyin xalqımızın yaddaşında dövlətçilik, müstəqillik, ərazi bütövlüyü uğrunda mübarizə əsri kimi qaldığını bildiriblər. Qeyd olunub ki, “Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edildiyi 1991-ci ilin 18 oktyabr günü xalqımızın tarixinə şərəfli və əlamətdar səhifə kimi yazılıb.

Ulu öndər Heydər Əliyevin Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə yönəlmiş müdrik siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, o cümlədən Azərbaycanın gündən-günə daha da gücləndiyi, qüdrətləndiyi şagirdlərin bir daha diqqətinə çatdırılıb.

Azərbaycan tarixinin ən mühüm günlərindən birinə həsr olunmuş tədbirlərdə iştirak edən şagirdlər isə söylədikləri şeirlər, ifa etdikləri mahnılar ilə vətənə olan sevgilərini nümayiş etdiriblər. Şagirdlər tərəfindən göstərilən ədəbi-bədii kompozisiyalar tədbirlərə daha da rəngarərənglik qatıb.