Oktyabrın 17-də Narınqala və S. Vurğun adına Folklor Evinin təşkilatçılığı ilə İkinci Qarabağ Müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanlar Toğrul Nağıyev və Elçin Nadirovun anım tədbiri keçirilib.
Tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şəki rayon Komitəsinin sədri Ziyafət Xasiyeva, mədəniyyət və təhsil işçiləri, şəhid ailələri, qazilər, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Anım tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.
Çıxış edənlər şəhidlərin Vətən sevgisi, onların mübarizə ruhu və ərazi bütövlüyümüz uğrunda apardıqları fədakarlıqla bağlı fikirlər səsləndiriblər. Bildirilib ki, belə tədbirlərin keçirilməsi şəhid ailələrinə və qazilərə dövlət qayğısının göstəricisi olmaqla yanaşı, gələcək nəsillərə qəhrəmanlıq örnəklərinin çatdırılması baxımından da mühüm əhəmiyyət kəsb edir.
Daha sonra Toğrul Nağıyev və Elçin Nadirovun ailə üzvləri çıxış edərək, şəhid ailə üzvləri göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.
Sonda məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.