Şəki şəhər 17 nömrəli tam orta məktəbdə 44 günlük Vətən müharibəsi zamanı qəhrəmancasına şəhid olmuş, məktəbin məzunu, baş leytenant Fərid Aydın oğlu İzzətlinin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbirdə Şəki şəhər İcra Hakimiyyətinin şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tural Məmmədov, Yeni Azərbaycan Partiyası Şəki təşkilatının sədr müavini Ziya Vəliyev, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin əməkdaşı Elxan Abdullayev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şəki rayon Komitəsinin sədri Ziyafət Xasiyeva, məktəbin müəllim kollektivi, təhsil işçiləri, şəhid ailələri, qazilər, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Anım mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda canını fəda etmiş qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb. İlk olaraq, məktəbin həyətində şəhid Fərid İzzətlinin xatirəsinə inşa edilmiş "Xatirə bulağı"nın açılışı olub.
Çıxış edənlər Fərid İzzətlinin döyüş meydanında göstərdiyi şücaətdən və qəhrəmanlıqlardan danışaraq, 44 günlük Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətini vurğulayıblar.
Daha sonra gənc rejissor Elvin Nüsrətoğlunun şəhid Fərid İzzətlinin həyat yolundan bəhs edən "Cənab leytenant" adlı filmi nümayiş etdirilib.
Tədbir daha sonra məktəblilərin ifasında səsləndirilən vətənpərvərlik mövzusunda şeirlər və mahnılarla davam edib.