22.10.2024

"Yaşıl iqtisadiyyat və yaşıl şəhər: çağırışlar və perspektivlər" mövzusunda elmi-praktik konfrans keçirilib

Oktyabrın 22-də "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin dəstəyi, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Oğuz rayon Bucaq kənd tam orta məktəbində "Yaşıl iqtisadiyyat və yaşıl şəhər: çağırışlar və perspektivlər" mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfransda Şəki Regional Elmi Mərkəzinin əməkdaşları, Bucaq kənd tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Ülviyyə Nəzərova qonaqları salamlayaraq, konfransın mahiyyəti barədə şagirdlərə məlumat verib.

Şəki REM-in Ekoloji biofizika şöbəsinin əməkdaşı Şahmar Babayev "Yaşıl iqtisadiyyat və yaşıl şəhər konsepsiyalarının həyata keçirilməsində müasir tendensiyalar və innovasiyalar" mövzusunda çıxış edərək, ekologiya və iqtisadiyyatın birgə inkişafından, yaşıl texnologiyalar və ağıllı şəhər konsepsiyalarının üstünlüklərindən danışıb.

Daha sonra Bucaq kənd tam orta məktəbin coğrafiya müəllimi Çinarə Rüstəmova "Mineral ehtiyatlardan səmərəli istifadə, davamlı inkişaf" mövzusunda çıxış edərək, ehtiyatlardan səmərəli istifadənin əhəmiyyətini və onların bərpa olunmayan xüsusiyyətlərini vurğulayıb.

Şəki REM-in Elmi katibi Vəfa Atayeva, “COP-29” çərçivəsində qlobal iqlim dəyişikliklərinin yaratdığı problemlərə diqqət çəkərək, ekoloji böhranın qarşısını almaq üçün görülə biləcək tədbirlər barədə şagirdləri məlumatlandırıb.

Tədbir Bucaq kənd tam orta məktəbin şagirdlərinin hazırladığı yaşıl dünya mövzusunu əhatə edən ədəbi-bədii kompozisiya ilə yekunlaşıb.