24.10.2024

Müdir müavini Qəbələdə təhsil işçiləri ilə görüş keçirib

Oktyabrın 24-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini Bəhruz Nəbili Qəbələ rayonuna səfəri çərçivəsində təhsil işçiləri ilə görüşüb.

Görüşdə Şəki -Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini Bəhruz Nəbili, rayon təhsil sektorunun müdiri Arifə Bayramova, sektor əməkdaşları, məktəb rəhbərləri, eləcə də bir qrup ibtidai sinif, riyaziyyat, xarici dil və Azərbaycan dili fənn müəllimləri iştirak ediblər.

Bəhruz Nəbili çıxışında Qəbələ rayonundakı ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinin artırılması məqsədilə görülən tədbirlərə diqqət çəkib. Müdir müavini aparılan monitorinqlərin nəticələrini təhlil edərək IV və VI sinif şagirdlərinin nailiyyətlərinin ümumən qənaətbəxş olduğunu qeyd edib. IX və XI siniflərin buraxılış imtahanlarının nəticələrini müzakirə edərək bəzi məktəblərdə zəif nəticələrin müşahidə edildiyini vurğulayıb. Müdir müavini cari tədris ili üçün tədrisin keyfiyyətinin artırılması ilə bağlı müəssisə rəhbərlərinə və müəllimlərə müvafiq tapşırıqlar verib.

Daha sonra məktəb direktorları ilə bir sıra aktual məsələlər müzakirə olunub, onları maraqlandıran suallar cavablandırılıb və müvafiq təkliflər və tövsiyələr səsləndirilib.