Şimal-qərb bölgəsində tam orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsinə şərait yaradan peşə təmayüllü siniflərə 550 şagird cəlb olunub.
Belə ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 29 ümumtəhsil məktəbində təşkil edilmiş 29 peşə təmayüllü siniflərdə hazırda 550 şagird təhsil alır. Peşə təmayüllü siniflərdə hazırda dülgər, çilingər, aşpaz köməkçisi, mebel quraşdırma ustası, qənnadçı və.s ixtisaslar tədris olunur. Təhsilin sonunda şagirdlərə müvafiq peşə üzrə təhsil almanı təsdiq edən dövlət nümunəli sertifikatlar təqdim olunur.
Qeyd edək ki, X-XI sinif şagirdləri üçün nəzərdə tutulan peşə təmayüllü siniflərin yaradılmasında məqsəd tam orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasıdır. Təhsilalanlara ilkin sahibkarlıq bacarıqlarının aşılanması, əmək bazarının peşəyönümü hazırlıqlı və əmək qabiliyyətli şəxslərlə təmin edilməsi də layihənin əsas məqsədlərindən biridir.