Oktyabrın 4-də Şəki rayonu üzrə təhsil sektorunun təşkilatçılığı ilə 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar tədbir keçirilib.
Rasim Ocaqov adına Şəki Şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzində təşkil olunmuş tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, rayon təhsil sektorunun və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Şəki rayon Komitəsinin əməkdaşları, təhsil müəssisələrinin rəhbərləri və müəllimləri, şəhid ailələri və digər qonaqlar iştirak edib.
Tədbir Dövlət Himninin səsləndirilməsi, ardınca Ulu Öndər Heydər Əliyevin və Vətənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova müəllimləri peşə bayramı münasibətilə təbrik edərək təhsilin inkişafı istiqamətində görülən işlərdən və müəllimlərin qazandığı uğurlardan danışıb. Habelə region üzrə şagird və müəllim nailiyyətləri, milli qiymətləndirmə və buraxılış imtahanın nəticələri üzrə uğurları bölüşüb, yeni tədris ili üçün prioritet istiqamətləri tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Sonra çıxış edənlər ilk olaraq hər kəsi əlamətdar gün münasibətilə təbrik edib və onlara xoş arzularını bildirib. Qeyd edilib ki, ümummilli lider Heydər Əliyev hər zaman müəllim əməyini yüksək qiymətləndirib, onlara hörmət və ehtiramla yanaşıb. Müəllimlərin rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımların ölkə Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyi diqqətə çatdırılıb.
Mərasimdə çıxış edən müəllimlər onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirib, yaradılan geniş imkanlardan yüksək səviyyədə bəhrələnərək ölkəmizin gələcək inkişafı üçün Azərbaycana layiqli vətəndaşlar yetişdirmək yolunda səylə çalışacaqlarını ifadə ediblər.
Daha sonra öz səmərəli fəaliyyəti ilə fərqlənən təhsil işçilərinə Fəxri Fərman və hədiyyələr təqdim olunub.
Sonda şagirdlər müəllimlərə həsr olunmuş şeirlərdən parçalar səsləndirib, mahnılar ifa edib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.