09.10.2024

Oktyabrın 9-da bir sıra təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib

Oktyabrın 9-da bir sıra təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib. Görüşdə idarənin struktur bölmə rəhbərləri, rayon təhsil sektorlarının müdirləri və məktəb direktorları iştirak ediblər.

Görüşdə PISA-2025- Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramının məqsədləri, hazırlıq prosesi və qiymətləndirmə meyarları haqqında geniş məlumat verilib. Qiymətləndirmədə uğurlu iştirak üçün məktəblərdə görülməsi vacib olan tədbirlər müzakirə olunub. Həmçinin, Azərbaycan Respublikasının Təhsil İnstitutu və Sinqapurun Marşal Kavendiş Təhsil Şirkətinin birgə əməkdaşlığı çərçivəsində regionun riyaziyyat və təbiət elmləri üzrə müəllimlərinin iştirakı ilə keçirilən təlimlərdə əldə edilən məlumatlar paylaşılıb. Bu təlimlərdə təhsilalanların bacarıqəsaslı öyrənmə vərdişlərinin təkmilləşdirilməsi məqsədi vurğulanıb.

Tədbir iştirakçılarına süni intellekt əsaslı imtahana hazırlıq platforması, "Bilbacar" müsabiqəsi və Məktəblilər üçün PİSA layihəsi barədə də ətraflı məlumat verilib.

Qeyd edək ki, PİSA-2025-ci il qiymətləndirməsində əsas diqqət "rəqəmsal dünyada riyaziyyat" mövzusuna yönəldiləcək. Bununla yanaşı, oxuyub-anlama və təbiət elmləri də qiymətləndiriləcək. 2025-ci il qiymətləndirməsində ölkələr, şagirdlərinin beynəlxalq səviyyədə əldə etdiyi nəticələri öyrənmək, öz təhsil sistemlərini digər ölkələrlə müqayisə etmək və təhsil strategiyalarını inkişaf etdirmək imkanı əldə edəcəklər.