Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 27 Sentyabr-Anım Günü ilə bağlı tədbirlər təşkil olunub.
Tədbirlərdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin əməkdaşları, rayon təshil sektorlarının müdirləri və əməkdaşları, şəhid ailələri, qazilər, habelə müəllim və şagird kollektivi, valideynlər iştirak ediblər.
Qalibiyyət və vətənpərvərlik ruhunda təşkil olunan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirlərdə 27 Sentyabr-Anım Günü barədə şagirdlərə məlumat verilib. 2020-ci il sentyabrın 27-dən Ermənistanın ölkəmizə qarşı başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda Vətən Müharibəsinə başladığı şagirdlərin diqqətinə çatdırılıb. Qəhrəman oğullarımızın şücaəti, şəhidlərimizin qanı, canı bahasına bütün dünyanın Azərbaycanın şanlı qələbəsinə şahid olduğu bildirilib.
Qeyd edək ki, ümumi təhsil müəssisələrində Anım Günü ilə bağlı konfrans, seminar, mühazirə, “Dəyirmi masa”, foto və rəsm sərgiləri, açıq dərslər və ədəbi-bədii kompozisiyalar təşkil olunub.