07.05.2024

"Azərbaycandan dünyaya günəş kimi doğan insan” adlı tədbir keçirilib

Mayın 7-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, Şəki rayonu üzrə təhsil sektorunun və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Şəki rayon komitəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 101-ci ildönümü ilə əlaqədar "Azərbaycandan dünyaya günəş kimi doğan insan” adlı tədbir keçirilib.

Tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən, müdir müavini Günay Mahmudova,  idarənin struktur bölmə rəhbərləri, Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Həsən Həsənov,  Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Şəki rayon komitəsinin sədri Ziyafət Xasıyeva, təhsil işçiləri, şəhid ailələri, Vətən müharibəsi qaziləri və məktəblilər iştirak ediblər.

Tədbirdən əvvəl qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra qonaqlar şagirdlərin rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.

Şəki Şəhər Heydər Əliyev Mərkəzində tşkil olunmuş tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu öndər Heydər Əliyevin, Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözləri ilə açan Şəki rayonu üzrə təhsil sektorunun müdiri Zamik Cəbiyev ilk olaraq gələn qonaqları salamlayıb və Ulu öndər Heydər Əliyevin əziz xatirəsinin xalqımızın qəlbində əbədi olaraq yaşayacağını,onun xalqın və dövlətçiliyimizin inkişafı naminə siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.

Çıxış edən Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən, müdir müavini Günay Mahmudova Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsinin fenomen şəxsiyyət Heydər Əliyevin tarixi xidmətləri ilə bağlı olduğunu, Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının gələcəyinə istiqamətlənmiş strategiyasında təhsil sahəsinin inkişaf etdirilməsinin prioritet istiqamətlərdən biri olduğunu bildirib.

Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Həsən Həsənov bildirib ki, Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycanın son yarım əsrinin bütün çalarları ilə zəngin olan möhtəşəm tarixi Ulu öndərin adı ilə bilavasitə bağlıdır.

Daha sonra çıxış edənlər Ulu öndər Heydər Əliyevin dövlətimizin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər gördüyünü, ölkəmizin bu günü və gələcəyi üçün zəngin irs qoyduğu vurğulayıblar. Eyni zamanda onun ideya və arzularının layiqli davamçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və 44 günlük Vətən müharibəsidə müzəffər Qələbəmiz sayəsində Qarabağ münaqişəsinin tarixə çevrildiyini qeyd ediblər.

Sonra Şəki rayonu üzrə buraxılış imtahanlarında maksimum nəticə göstərən şagirdlərin, “Sabahın alimləri” müsabiqəsinin və digər müsabiqələrin qaliblərinin mükafatlandırılması mərasimi olub.

Tədbir şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalarla davam edib.