22.04.2024

300 bal toplayan şagirdlərdən tövsiyələr

Uğur qazanmaq, əldə olunmuş bilikləri maksimum nəticəyə çevirmək, bir sözlə, buraxılış imtahanlarında yüksək nəticə əldə etmək üçün nə etmək lazımdır?

 

2023-2024-cü tədris ilində keçirilmiş buraxılış imtahanlarında (XI sinif üzrə) 300 bal toplayaraq  maksimum nəticə göstərmiş Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə ümum təhsil məktəblərinin şagirdlərinin bununla bağlı tövsiyələrini təqdim edirik:

 

-Qəbələ rayonu Həmzəlli kənd tam orta məktəbi şagirdləri Elşən Yusibov - Buraxılış imtahanında yüksək nəticə əldə etməyimdə əsas pay sahibləri valideynlərim və müəllimlərimdir. Yüksək nəticə göstərmək üçün kifayət qədər çalışmışdım. Bu səylərin nəticəsiz qalmayacağına və istəyimə çatacağıma ürəkdən inanırdım. Nəticədə maksimal nəticəni toplamağa nail oldum.

İxtisas qrupuma gəldikdə isə, uşaqlıqdan məqsədim ürək cərrahı olmaqdır. Buna görə də IV ixtisas qrupunu seçmişəm. Blok imtahanına da ciddi şəkildə hazırlaşıram və düşünürəm ki, hazırda ən böyük vəzifəm valideynlərimin və müəllimlərimin güvənini yenidən doğrultmaqdır.

Gələcək təhsilim barədə isə onu deyə bilərəm ki, bakalavr pilləsini Tibb Universitetində oxumaq barədə düşünürəm, daha sonra isə təhsilimi xaricdə davam etdirmək istəyirəm. Arzum savadlı bir mütəxəssis kimi ölkəmizə qayıdıb xalqımıza xidmət etməkdir.

 

-Qəbələ şəhər 4 nömrəli tam orta məktəbin şagirdi Lalə Xancanova - İmtahanda yüksək nəticə əldə etmək, habelə maksimal bal toplamaq hər bir şagirdin arzusudur. Mən bu nəticəyə nail olmaq üçün çox çalışdım. Həm özümün, həm müəllimlərimin, həm də ailəmin əziyyətinin yerdə qalmaması üçün səy göstərdim və istəyimə nail oldum. Bu xəbər sadəcə mənim üçün yox, mənimlə birgə bu yolda addımlayan müəllimlərim üçün də çox sevindirici olduğunu şahid oldum. Buna görə də mənə dərs deyən hər bir müəllimimə sonsuz təşəkkürlərimi bildirirəm. Mənim arzum qarşıdan gələn blok imtahanında da yüksək nəticə göstərərək hüquq fakültəsinə daxil olmaqdır.  Vətənimizə layiqli bir övlad kimi təhsil aldığım sahədə uğurla fəaliyyət göstərmək istəyirəm. Bu yolda addımlayan abiturientlərə isə tövsiyəm odur ki, az bal topladıqda heç vaxt ruhdan düşməsinlər, daha da yüksək bir həvəslə davam etsinlər. Keçilən mövzuları çox təkrarlamaq, dərslərə mütəmadi hazır olmaq da vacibdir. Bütün bunlara əməl etsələr, uğur özü onları tapacaq.

 

-Qəbələ rayonu Nohurqışlaq kənd tam orta məktəbin şagirdi Səidə Rəhimova - Buraxılış imtahanında maksimum nəticə göstərməyi qarşıma məqsəd qoymuşdum. Bunun üçün müəllimlərin verdiyi tapşırıqları vaxtında yerinə yetirməyə çalışırdım. Dərs oxuyarkən vaxtı düzgün bölmək mənə çox kömək etdi. Mənim riyaziyyat, kimya fənlərinə marağım daha çoxdur. Gələcəkdə həkim olmaq istəyirəm. Məncə,  insanları sağlamlıqlarına qovuşdurmaq, onların ağrılarını azaltmaq və üzlərində təbəssümə səbəb olmaq çox qürurvericidir. Bu məqsədimə də çatmaq üçün qarşıdakı blok imtahanında daha məsuliyyətlə hazırlaşıram.

 

-Şəki şəhər Fizika-riyaziyyat və humanitar təmayüllü liseyin şagirdi Amalya Əliyeva - Buraxılış imtahanında qazandığım yüksək nəticəni dərslərimdə mütəmadi olaraq çalışaraq əldə etmişəm. Hazırlıq prosesində istirahətimə də xüsusi vaxt ayırırdım. Texniki fənlərə, riyaziyyat və fizikaya xüsusi marağım var. Gələcəkdə kompüter texnologiyaları ilə bağlı sahədə çalışmaq istəyirəm. Çünki kompüter əsri olan XXI əsrdə, yaşayırıq. İşlərin çoxu avtomatlaşdırılıb, kompüterlə görülür. İnformasiyalar, məlumatlar kompüterlərdə saxlanılır. Ona görə də bu sahə mənim xüsusi marağımı çəkir. Məqsədimə çatmaq üçün qarşıdan gələn blok imtahanlarına da ciddi hazırlaşıram.

 

-Şəki şəhər 18 nömrəli tam orta məktəbin XI a sinif şagirdi Zərifə İlyasova - Təhsildə uğur qazanmaq üçün zəhmət çəkməli, davamlı şəkildə biliklərini artırmağa çalışmalısan. Buraxılış imtahanında 300 bal topladım. Növbəti hədəfim isə iyunda keçiriləcək blok imtahanında 400 bal toplamaq və ümumilikdə 700 balla ADA Universitetinə riyaziyyat ixtisası üzrə qəbul olmaqdır. Gələcəkdə big data və data analitiki olaraq fəaliyyətimi davam etdirmək istəyirəm. Ən çox sevdiyim fənn isə riyaziyyatdır. Öyrəndiyim bilikləri öz yaşıdlarım ilə bölüşmək, paylaşmaq üçün şəxsi "YouTube" kanalı da yaratmışam. Düşünürəm ki, internetlə sıx işləmək gələcəkdə hər hansı bir data, kompüter şirkətində çalışanda mənə çox böyük fayda verəcək.

 

-Şəki şəhər 5 nömrəli tam orta məktəbin şagirdi Fatimə Teymurlu - Buraxılış imtahanında yüksək nəticə əldə etdiyimə görə çox xoşbəxtəm. Bu nəticəni əldə etmək üçün gecə-gündüz çalışırdım. Gələcəkdə tibb sahəsində çalışmaq, həkim olmaq istəyirəm. Arzum insanlara, xalqımıza tibbi xidmət göstərmək, onların sağlamlığı keşiyində durmaqdır. Bundan sonrakı blok imtahanında da yüksək nəticə əldə etmək üçün səylə çalışıram. Bu yolda mənə dəstək olan məktəb kollektivinə, doğma müəllimlərimə, həmçinin valideynlərimə təşəkkürümü bildirirəm.

 

-Qax şəhər 4 nömrəli məktəbin şagirdi Humay Harunova - Bu il keçirilən buraxılış imtahanında maksimum balı toplayan 53 nəfərin içərisindəyəm. Bunun üçün özümü həm xoşbəxt, həm də qürurlu hiss edirəm.

Bu uğura imza atmağımın ən böyük səbəblərindən biri, təbii ki, dərslərimə məsuliyyətlə yanaşmağım oldu, amma bu o demək deyildi ki, mən bu müddət ərzində yalnız dərslərimlə məşğul olurdum. Bundan əlavə olaraq mən kitab oxuyaraq, rəsm çəkərək bu prosesi daha da maraqlı etməyə çalışırdım.

Mənim bu balı toplamağımın başqa bir səbəbi isə təhsil həyatım boyu dərslərimi daimi olaraq hazırlamağım və mövzuları vaxtında mənimsəməyim olub. Uşaqlara da bunu tövsiyə edərdim ki, dərslərinə davamlı olaraq hazırlaşsınlar ki, sonda onlara mövzuları başdan təkrarlamaq və hazırlaşmaq daha asan olsun.

Mənim gələcək hədəflərim məni bu yolda əsas həvəsləndirən və motivasiyamı saxlamağa kömək edən amil idi.

Gələcək karyeramı İT sahəsində qurmaq istədiyim üçün, həm ölkəmizdə, həm də xaricdə bu sahədə keyfiyyətli təhsil alaraq bir mütəxəssis kimi yetişmək istəyirəm.

Bu müddət ərzində məni daima cəsarətləndirən müəllimlərimin, ailəmin və dostlarımın dəstəyi üçün çox minnətdaram.

 

-Qax şəhər Etibar Babayev adına 4 nömrəli tam orta məktəbin şagirdi Ayşən Nəzirova - təbiət sahəsi üzrə aparılan elmi araşdırmalara da öz imzasını atmaq arzusundadır.

Buraxılış imtahanında əldə etdiyim bu uğurda əsas rolu fənləri sevərək, həvəslə oxumağım oynayıb. Bu səbəbdən hazırlıq prosesi mənim üçün yorucu olmaqla yanaşı, maraqlı da keçirdi. Xüsusilə, riyaziyyat, fizika, ingilis dili kimi sahələr ilə məşğul olmaqdan zövq alıram. Ona görə gələcək akademik planlarımı da bu yöndə qurmuşam. Gələcəkdə təbiət sahəsində elm adamı olmaq istəyirəm.Hədəfim bu sahədə zirvədə olan NASA şirkətində çalışmaqdır. Fikrimcə, gündən-günə inkişaf etməkdə olan bu dövrdə özünü bu sahəyə həsr etmiş insanlara ehtiyac var. Son illərdə maraq dairəmlə üst-üstə düşən Astronomiya və Astrofizika olimpiadalarında iştirak etmiş və final mərhələyə qədər irəliləmişəm, keçən il bürünc medal qazanaraq IAAO hazırlıq dərslərində iştirak etmə şansı qazanmışdım, bu il də ümid edirəm ki, final mərhələsinin nəticələri mənim üçün müsbət olacaq. Bu buraxılış imtahanında da təcrübə etdiyim kimi, insan özünə inanırsa və əmin addımlarla bu yolda irəliləyirsə, nail olmayacağı uğur yoxdur.