Aprelin 3-də Dövlət Sərhəd Xidmətinin (DSX) Şəki rayonundakı N saylı hərbi hissəsində ümumtəhsil məktəblərinin X sinif şagirdləri arasında “Sərhəd” hərbi-idman oyunlarının zona turu keçirilib.
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Dövlət Sərhəd Xidmətinin birgə təşkilatçılığı ilə hər il keçirilən “Sərhəd” hərbi-idman oyununun əsas məqsədi gənc nəsli Vətənə, dövlət atributlarına, dövlət sərhədinə hörmət ruhunda tərbiyə etmək, yaradıcı, düşünən, sağlam gənclər yetişdirmək və onlarda sərhədçi peşəsinə marağı artırmaq, həmçinin məktəb şagirdlərini hərbi-idman oyunlarına cəlb etməklə, onların ordu sıralarında xidmətə hazırlanmasına köməklik göstərməkdən ibarətdir.
Yarışda Qax, Şəki, Oğuz və Qəbələ ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət komandalar iştirak ediblər. Zona turunun nəticələrinə əsasən, I yeri Şəki rayon H.Əliyev adına Kiş kənd 1 nömrəli tam orta məktəbin “Şimşək” komandası, II yeri Qəbələ rayon Abrıx kənd tam orta məktəbin “Abrıx “ komandası, III yeri isə Qax şəhər 4 nömrəli tam orta məktəbin “Uludağ” komandası tutub.
Qaliblərə diplom, kubok və qiymətli hədiyyələr təqdim olunub.
Qeyd edək ki, I yerin sahibi “Şimşək” komandası respublika mərhələsinə vəsiqə qazanıb.