15.04.2024

Hərbi təhsil müəssisələrinə qəbulla bağlı maarifləndirici görüşlər keçirilib

Hərbi təhsil müəssisələrinə qəbul qaydaları və həmin təhsil müəssisələrində yaradılan təhsil imkanları barədə şagirdlərin məlumatlandırılması məqsədilə Balakən rayon Nəsimi adına şəhər 2 nömrəli və Nizami adına şəhər 1 nömrəli tam orta məktəblərində maarifləndirici görüşlər keçirilib.

Görüşdə Milli Müdafiə Universitetinin hərbi qulluqçusu, polkovnik-leytenant Cumayəddinov Xəyal Elxan oğlu, rayon ümumi təhsil müəssisələrinin hərbi rəhbərləri və yuxarı sinif şagirdləri iştirak edib.

Tədbirdə hərbi təhsil müəssisələri haqqında ətraflı məlumat verilib, təqdimat nümayiş olunub.

Sonda mövzu ilə bağlı suallar cavablandırılıb.

Qeyd edək ki, Milli Müdafiə Universiteti 1-30 aprel tarixlərində tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə (Heydər Əliyev adına Hərbi İnstitut, Bakı/Gəncə/Naxçıvan Hərbi Kolleclərinə və Heydər Əliyev və Cəmşid Naxçıvanski adına Hərbi Liseylərə) və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinə qəbul elan edir. Vətəndaş məmnunluğunun və əlçatanlığın təmin edilməsi məqsədilə respublikanın 13 şəhərində ümumi olaraq 17 sənəd qəbulu mərkəzi yaradılıb. Sözügedən təhsil müəssisələrinə qəbul olmaq arzusunda olan vətəndaşlar istənilən sənəd qəbulu mərkəzinə yaxınlaşaraq sənədlərini təqdim edə bilərlər.