Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində şagirdlər 1 mart Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbirlər keçirilib.
Məktəblərdə Ümumdünya Mülki Müdafiə Gününün qeyd edilməsinin əsas məqsədi şagirdlərin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, məktəblilərə baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmanı öyrətməkdən ibarətdir.
Şagirdlərə yanğının söndürülməsi, yaralılara tibbi yardımın göstərilməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, obyektə kimyəvi kəşfiyyatın təşkili ilə bağlı zəruri tədbirlər haqqında məlumat verilir. Ətrafdakı radiasiyanın müəyyən olunması, əleyhqaz və digər vasitələrdən istifadə qaydaları izah edilir.
Maarifləndirmə çərçivəsində fövqəladə hal anlayışı, mülki müdafiə, texnogen qəzalar, fərdi mühafizə vasitələri, yanğın, partlayış, zəhərlənmə təhlükəsindən mühafizə, dəm qazından zəhərlənmənin profilaktikası, ilkin tibbi yardım, "112" zəng xidmətindən istifadə mövzularında ətraflı məlumatlar şagirdlərin nəzərinə çatdırılır.