15.03.2024

Respublika fənn olimpiadalarının final mərhələsində iştirak etmək hüququ qazanan şagirdlərlə görüş keçirilib

Martın 15-də Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə Respublika fənn olimpiadalarının final mərhələsində iştirak etmək hüququ qazanan şagirdlərlə görüş keçirilib.

Şəki şəhər 7 nömrəli tam orta məktəbin akt zalında keçirilən görüşdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən, müdir müavini Günay Mahmudova, İdarənin struktur bölmə rəhbərləri və əməkdaşları, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Şəki rayon komitəsinin əməkdaşları, müəllimlər və qalib şagirdlər iştirak ediblər.

Tədbirdə Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbir iştirakçılarını salamlayan Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən, müdir müavini Günay Mahmudova son illərdə ölkəmizdə istedadlı şagirdlərin aşkara çıxarılmasına xüsusi diqqət yetirildiyini, onların bilik və bacarıqlarının inkişafı istiqamətində məqsədyönlü işlər görüldüyünü bildirib.

G.Mahmudova fərqlənən şagirdlərə uğurlar arzulayıb, onların gələcədə daha böyük müvəffəqiyyət qazanmaları üçün müsabiqə və olimpiadalarda iştirakın əhəmiyyətini vurğulayıb.

Sonra çıxış edənlər ölkəmizdə istedadlı uşaqların müəyyənləşdirilməsi istiqamətində keçirilən müsabiqələrin vacibliyini vurğulayaraq, şagirdlərin əldə etdikləri uğurların ölkənin gələcək inkişafındakı rolundan danışıblar.

Daha sonra çıxış edən məktəblilər olimpiada və müsabiqələrin təşkilatçılarına təşəkkürlərini bildirib, onların yetişməsində əməyi keçən müəllimlərə minnətdarlıqlarını ifadə ediblər.

Sonda müəllimlərə və şagirdlərə fəxri fərmanlar və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, fənn olimpiadalarının yarımfinal mərhələsində Şəki-Zaqatala regionu üzrə ümumilikdə 860 şagird iştirak edib. Mərhələnin nəticələrinə əsasən, olimpiadaların final mərhələsinə Şəki rayonu üzrə 37, Oğuz rayonu üzrə 14, Qəbələ rayonu üzrə 11, Qax rayonu üzrə 6, Zaqatala rayonu üzrə 4, Balakən rayonu üzrə isə 3 şagird vəsiqə qazanıb.


Açar sözlər: ,