19.03.2024

Şəki şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şəki şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib.

Xalqımızın qədim tarixini, milli adət və ənənələrini gənc nəslə daha yaxından tanıtmaq, təbliğ etmək məqsədilə keçirilən tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən, müdir müavini Günay Mahmudova, İdarənin struktur bölmə rəhbərləri və əməkdaşları, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Şəki rayon komitəsinin əməkdaşları, şəhid ailələri və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Şəki şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın direktoru Taliyə Babayeva ulu əcdadlarımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən Novruz bayramı münasibətilə iştirakçıları təbrik edib, Novruz bayramının tarixi əhəmiyyəti barədə danışıb.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən, müdir müavini Günay Mahmudova tədbir iştirakçılarını xalqımızın milli bayramı olan Novruz münasibətilə təbrik edərək, bayramın xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini dünyaya tanıtdıran qədim el bayramı olduğunu bildirib.

Novruzun sülh və əmin-amanlığın təmin olunması, insanlar arasında birlik və mehribanlığın nişanəsi olduğunu deyən idarə müdiri bu bayramın yenidən Qarabağ torpaqlarında keçirilməsinin insanlara ayrıca bir sevinc bəxş etdiyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən qonaqlar xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu Novruz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik ediblər. Bildirilib ki, zəngin mənəvi dəyərlərimizə söykənərək insanlar arasında qarşılıqlı hörmət, səmimiyyət və mehribanlıq münasibətlərini bərqərar edən Novruz bayramı xalqda gələcəyə nikbinliklə, ümidlə baxmaq hissləri doğurur.

Bayram şənliyində Novruz personajları olan Keçəl və Kosanın məzəli oyunları, Dədə Qorqud və Bahar qızının gəlişi tədbir iştirakçılarının marağına səbəb olub.

Tədbirdə şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid mahnılar ifa edib, şeirlər səsləndirib, maraqlı səhnəciklər göstərib, yallı gedib və digər özfəaliyyət bacarıqlarını nümayiş etdiriblər.

 


Açar sözlər: ,  ,