07.03.2024

Nazir müavini Kənan Kərimzadə Qəbələ və İsmayıllı rayonlarında səfərdədir

Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Qəbələ və İsmayıllı rayonlarına səfər edib.

Martın 6-da nazir müavini əvvəlcə İsmayıllı və Qəbələdə yerləşən dövlət peşə təhsili mərkəzlərinə baş çəkib, onların maddi-texniki bazası ilə tanış olub, müəssisələrin ərazisinə, o cümlədən emalatxanalar, sinif otaqları və yataqxanaya baxış keçirib.

Kənan Kərimzadə eyni zamanda tədris prosesində iştirak edib. Nazir müavininə mərkəzlərdə mövcud olan ixtisaslar barədə də məlumat verilib.

Daha sonra nazir müavini Qəbələ Dövlət Peşə Təhsili Mərkəzində arıçılıq ixtisası üzrə təhsil alan 73 yaşlı Musa Mahmudovla görüşüb və ölkəmizin ən yaşlı tələbəsinə təhsil həyatında uğurlar arzulayıb.

Nazir müavini sözügedən müəssisələrdə peşə hazırlığının əhatəliliyi və səmərəliliyinin artırılması, işəgötürənlərin peşə təhsili prosesində yaxından iştirakı, ölkə iqtisadiyyatı üçün rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanmasının vacibliyini qeyd edib və bununla bağlı mərkəz rəhbərlərinə müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, nazir müavininin səfəri davam edir.


Açar sözlər: