05.03.2024

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirilib

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Beynəlxalq Qadınlar Günü münasibətilə uzun müddət gənc nəslin təlim-tərbiyəsi sahəsində səmərəli pedaqoji fəaliyyət göstərən bir qrup təhsil işçisi ilə bayram tədbiri keçirilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi və torpaqlarımzın düşmən işğalından azad olunması uğrunda canlarını qurban vermiş şəhidlərin, eləcə də dünyadan köçmüş təhsil işçilərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən, müdir müavini Günay Mahmudova açaraq, xanım təhsil işçilərini əlamətdar gün münasibətilə təbrik edib və onlara xoş arzularını bildirib. Həyatını gənc nəslin işıqlı gələcəyinə həsr edərək yüksək fədakarlıq nümayiş etdirən müqəddəs peşə sahiblərinin cəmiyyət üçün çox dəyərli olduğunu bildirən Günay Mahmudova təhsil müəssisələrində bilik və bacarıqlı, eyni zamanda vətənpərvər ruhlu gənclərin yetişdirilməsində pedaqoji heyətin əvəzsiz rolunun olduğunu qeyd edib.

Daha sonra çıxış edənlər cəmiyyətdə və ailədə milli-mənəvi dəyərlərin formalaşması, inkişafı və qorunmasında qadınların müstəsna rolundan danışıblar.

Tədbirdə şagirdlərin ifasında şeir, musiqi və rəqs nümunələri nümayiş etdirilib, biri-birindən maraqlı ədəbi-bədii kompozisiyalar təqdim edilib.

Sonda tədbirdə iştirak edən qadın təhsil işçilərinə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə hədiyyələr təqdim olunub.


Açar sözlər: ,