04.03.2024

Vətən Müharibəsi Qəhrəmanı şəhid Nail İbrahimlinin 30 illiyi qeyd olunub

Vətən Müharibəsi Qəhrəmanı şəhid Nail İbrahimlinin 30 illiyi ilə əlaqədar martın 4-də Oğuz şəhərində xatirə tədbiri keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin rəhbər şəxsləri, şəhidin valideynləri, doğmaları, qəhrəmanın adını daşıyan məktəb-liseyin müəllim və şagirdləri, təhsil işçiləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

V.İbrahimov adına Oğuz rayon Xaçmaz kənd 2 nömrəli tam orta məktəbin tarix müəllimi Ramiz Abdulqədirov çıxış edərək, şəhidin həyatı və şərəfli döyüş yolundan, göstərdiyi qəhrəmanlıqdan, torpağa, milli-mənəvi dəyərlərə bağlılığından danışıb.

Şəki Zaqatala Regional Təhsil İdarəsinin müdir əvəzi Günay Mahmudova çıxışında Vətən uğrunda canlarından keçən qəhrəmanların ölmədiklərini, daim qəlblərdə yaşadıqlarını vurğulayıb. Bildirib ki, belə tədbirlər şagirdlərdə vətənpərvərlik ruhunun aşılanmasına xidmət edərək, onların şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır.

Rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanov Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbənin tarixi əhəmiyyətindən danışıb, şəhidlərin əziz xatirələrinin heç zaman unudulmayacağını vurğulayıb. O, dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən birinin müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması olduğunu diqqətə çatdırıb.

Şəhidin anası Aqibət İbrahimova Nailin uşaqlıq və gənclik illərindən, müharibədə göstərdiyi qəhrəmanlıqdan danışıb. O, oğlu ilə daim qürur duyduğunu vurğulayıb, tədbirin təşkilatçılarına ailəsi adından minnətdarlığını bildirib.

Xatirə tədbirində şəhid Nail İbrahimliyə həsr olunmuş videoçarxlar nümayiş etdirilib, şagirdlərin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub.

Qeyd edək ki, Nail İbrahimli 1994-cü il martın 4-də Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. O, 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb və 2013-cü ildə hərbi xidməti başa vurub. 2019-cu ildə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi yenidən Vətənə xidmətə yollanıb. Vətən müharibəsi zamanı Nail İbrahimli Xüsusi Təyinatlı Qüvvələrin kiçik giziri kimi torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib, Füzuli, Qubadlı və Zəngilan rayonları uğrunda gedən döyüşlərdə iştirak edib. Nail noyabrın 8-də Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub və Xaçmaz kəndindəki Şəhidlər xiyabanında dəfn edilib.

Ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib, “Vətən uğrunda", “Şuşanın azad olunmasına görə", “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

 


Açar sözlər: ,