Balakən rayonu üzrə təhsil sektoru tərəfindən Akademik Z.Əliyeva adına şəhər 3 nömrəli məktəbdə "Gəncsən, başla!" mövzusunda tədbir keçirilib.
Tədbirdə keyfiyyət təminatı üzrə mühəndis, proqramist Anar Mansurov və Gültəkin Mansurova, təlimçi, karyera məsləhətçisi Orxan Əliyev, Balakən rayonu üzrə təhsil sektorunun aparıcı məsləhətçisi Sevinc İbadova, ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrinin əməkdaşları iştirak edib.
Tədbir Dövlət Himninin səsləndirilməsi, Vətənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan sektor əməkdaşı Sevinc İbadova bu tədbirin keçirilməsinin məqsədindən danışıb, Gənclər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib, bildirib ki, xəyalı olan insan gəncdir.
Daha sonra keyfiyyətin təminatı üzrə mühəndis proqramist Anar Mansurov informasiya texnologiyaları, proqramlaşdırma istiqamətində çıxış edərək bu sahənin aktuallığından, gənclərin başlamaq üçün əmək bazarında prioritet sahələrdən biri olduğunu vurğulayıb, proqramlaşdırma və proqramlaşdırma dilləri barədə geniş məlumat verilib.
Daha sonra Phyton proqramlaşdırma mütəxəssisi Gültəkin Mansurova tərəfindən müəllimlərin pedaqoji iş mühitində faydalana biləcəyi istiqamətlərdə proqramlaşdırmanın tətbiqi hissəsi həyata keçirilib.
Tədbir təlimçi, karyera məsləhətçisi Orxan Əliyevin motivasiya xarakterli "Şans" mövzusunda təlimi ilə davam etdirilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, təklifləri dinlənilib.
Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd təhsil sahəsində fəaliyyət göstərən gənclərin gələcək fəaliyyətinə stimul vermək, fərdi və karyera inkişafına dəstək olmaqdır.