Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş anım tədbirləri keçirilib.
Belə ki, təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz dördüncü ildönümü ilə əlaqədar “Tariximizin şanlı səhifəsi”, “20 Yanvar:Müstəqilliyə gedən yol”, “20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilməsində Ulu öndər Heydər Əliyevin rolu” və digər mövzularda konfrans, seminar, “dəyirmi masa”, bədii qiraət gecələri, rəsm, inşa müsabiqələri, idman yarışları təşkil edilib.
Torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirlərdə tarixə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrinin tarixi xronikası barədə məlumat verilib.
Qeyd olunub ki, bu faciə Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olub. Məhz bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb. Keçmiş Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlıq əleyhinə ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə həkk olunub. O zaman yalnız Ümummilli lider Heydər Əliyev siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək kəskin bəyanatla çıxış edib. Azərbaycan rəhbərliyinə qayıdışdan sonra 1994-cü il martın 29-da Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı - Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilib.
Təhsil müəssisələrində 20 Yanvar faciəsinə həsr olunmuş xüsusi dərslər, kitab, foto və rəsm sərgiləri, həmçinin pedaqoji kollektiv və şagirdlərin Şəhidlər xiyabanına ziyarəti təşkil olunub.