15.02.2024

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə yenidən müsahibə mərhələsinə başlanılır

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində vakant olan tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsabiqənin yenidən müsahibə mərhələsinə start verilir.

Müsahibədə iştirak etmək istəyən namizədlər 15 fevral tarixindən 20 fevral 2024-cü il tarixinədək saat 23:59-dək aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat linki: https://docs.google.com/.../104dTPZ.../edit

Qeydiyyat başa çatdıqdan sonra müsabiqənin müsahibə mərhələsinin keçirilmə yeri və tarixi barədə namizədlərə məlumat veriləcəkdir.

Müraciət üçün verilmiş vaxt bitdikdən sonra namizədlərin test imtahanında topladığı bala əsasən müraciət edənlər arasında ən yüksək bal toplamış namizəd müsahibəyə dəvət ediləcəkdir. Bu namizəd uyğun olmazsa, müraciət edənlər arasından bal sıralamasına uyğun olaraq növbəti namizəd dəvət ediləcəkdir.

Müsahibəni keçməyən və ya qeydiyyatdan keçib lakin müsahibəyə dəvət edilməyən namizədlər gələcəkdə təşkil ediləcək müsahibələrə yenidən müraciət edə bilərlər. (Namizədin topladığı bal 1 (bir) il üçün keçərlidir.)

Müsahibədə 2023-cü ildə keçirilən müsabiqənin test imtahanı mərhələsində uğur qazanan namizədlərlə yanaşı, həmçinin 2022-ci ildə məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsabiqədə uğur qazanıb ehtiyat kadrlar siyahısına daxil edilmiş namizədlər də vakansiya seçimində iştirak edə bilərlər.

Qeyd edək ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsi üzrə vakant yer yarandığı halda, regional təhsil idarəsinin rəsmi internet səhifələrində elan veriləcək. Müsahibənin elanı barədə məlumatlı olmağınız üçün idarənin rəsmi internet səhifələrini mütəmadi izləməyiniz tövsiyə olunur.