Balakən rayon Qazbölük kənd tam orta məktəbində Milli Qəhrəman Ramazan Cirinqovun anadan olmasının 55-ci ildönümünə həsr olunmuş bilik yarışı və tədbir keçirilib.
Tədbirdə Balakən rayon təhsil sektorunun əməkdaşları, yazıçı-publisist Nəfisət Vahid, yazıçı Şöyüb Mikayılov, Milli Qəhrəman Ramazan Cirinqovun ailə üzvləri, "Şəhid Rauf Hədisov adına Təqaüd Fondu"nun rəhbəri Tinov Bağmanov, kənd ictimaiyyəti, Qabaqçöl qəsəbə və qəsəbə ətrafı məktəblərin şagirdləri, müəllim kollektivi və digər qonaqlar iştirak edib.
Öncə Vətənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi sükutla yad edilib.
Çıxışlarda Milli Qəhrəman Ramazan Cirinqovun həyat və fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, Ramazan Cirinqov polis əməkdaşı kimi dəfələrlə Qarabağa ezam olunub, torpaqlarımızın müdafiəsi uğrunda aparılan əməliyyatlarda yaxında iştirak edib. 1995-ci ildə Balakən rayonunda cinayətkar dəstənin tutulub zərərsizləşdirilməsində rəşadət göstərib, dövlət sərhədini keçməyə cəhd edən qaçaqmalçıların vaxtında qarşısını alan Ramazan Cirinqov 3 sentyabr 1995-ci ildə öz xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmanlıqla həlak olub. Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 1995-ci il tarixli 424 saylı fərmanı ilə Cirinqov Ramazan Həybullah oğluna ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adı verilib.
Çıxışlardan sonra şagirdlərin təqdimatında ədəbi-bədii kompozisiyalar dinlənilib.
Sonda tədbirdən öncə təşkil edilən bilik yarışının qalibləri elan edilib.
Qeyd edək ki, Qabaqçöl qəsəbə və qəsəbə ətrafı məktəblərin şagirdlərinin iştirakı ilə keçirilən bilik yarışının qalibləri "Şəhid Rauf Hədisov adına Təqaüd Fondu" tərəfindən pul mükafatı, döş nişanı və diplomla təltif edilib.