02.02.2024

Təhsil müəssisələrində maarifləndirici tədbirlər davam etdirilir

Şəki rayonu üzrə təhsil sektorunun təşkilatçılığı, Şəki Şəhər-Rayon Polis Şöbəsinin təşəbbüsü ilə "Gənclər narkomaniyaya yox deyir", "Dini radikalizmə qarşı mübarizə hər birimizin borcudur", "Erkən nikah və onun fəsadları", "Yetkinlik yaşına çatmayanlar, sürücülük hüququ olmayanlar tərəfindən nəqliyyat vasitələrinin idarə edilməsinin yol verilməzliyi və yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu" mövzularında keçirilən növbət tədbir Şəki şəhər 1 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri ilə keçirilib.

Tədbirdə Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev, Şöbənin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili Qrupunun inspektorları, Hünər İmamzadə və Ələkbər İbrahimov, məktəbin direktor əvəzi Sona Əliyeva eləcə də məktəbin digər müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.

Qeyd olunan mövzularla bağlı çıxışlar edilib, məktəbliləri maraqlandıran suallar cavablandırılıb. Təhsil müəssisələrində bu istiqamətdə tədbirlərin davam etdiriləcəyi qeyd olunub. Tədbirin yekununda, Şəki şəhər 1 nömrəli tam orta məktəbin direktor əvəzi Sona Əliyeva maarifləndirici tədbirin keçirilməsinə görə hüquq mühafizə orqanlarının əməkdaşlarına öz minnətdarlığını bildirib.


Açar sözlər: ,  ,  ,