2 Fevral - Gənclər Günü münasibətilə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Şəki şəhər Heydər Əliyev Mərkəzində şimal-qərb bölgəsinin təhsil müəssisələrində çalışan gənc müəllimlərlə görüş keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirin əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən, müdir müavini Günay Mahmudova açaraq, gənc müəllimləri əlamətdar gün münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Hər il fevralın 2-sinin ölkəmizdə Gənclər Günü kimi qeyd edildiyini vurğulayan qurumun rəsmisi, Azərbaycanda Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin uğurla davam etdirildiyini, ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün geniş imkanların yaradıldığını diqqətə çatdırıb.
Müdir müavini son illər müəllim əməyinin stimullaşdırılması, peşəkarlığının artırılması və nüfuzunun yüksəldilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirib, gənc müəllimlərin sayının ildən-ilə artmasının gənclərin müəllimlik peşəsinə olan marağından xəbər verdiyini deyib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov gəncləri əlamətdar gün münasibətilə təbrik edib, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən danışıb. Vurğulanıb ki, bu günün təntənə ilə qeyd edilməsi Ulu Öndərin gəncliyə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şəki rayon komitəsinin sədri Ziyafət Xasıyeva ötən il gənclərin fəal iştirakı ilə həyata keçirilən tədbirlərdən bəhs edib.
Sonra gənc müəllimlərin çıxışları dinlənilib, nailiyyətləri ilə fərqlənən gənclərə diplom və hədiyyələr təqdim edilib.
Sonda ədəbi-bədii kompozisiya nümayiş olunub.