26.12.2023

Olimpiada, fənn müsabiqələri və festival qalibləri mükafatlandırılıb

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə dekabrın 26-da Qax şəhər V.Əliyev adına 3 saylı tam orta məktəbdə bölgə üzrə müxtəlif olimpiada, fənn müsabiqələri və “SAF 2023” – Beynəlxalq STEAM Azərbaycan Festivalı qaliblərinin, həmçinin elm və təhsil nazirinin müvafiq əmri ilə “Qabaqcıl təhsil işçisi” döş nişanı və "Fəxri fərman” ilə təltif olmuş müəllimlərin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra “Heydər Əliyev və təhsil” filmi nümayiş olunub.

Tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən Günay Mahmudova və Qax Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova çıxış edərək, Ulu Öndərin Vətən və xalq qarşısındakı xidmətlərindən, təhsil sahəsinin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıblar. Bildirilib ki, 2023-cü il Şəki-Zaqatala bölgəsinin təhsil həyatı üçün çox uğurlu olub. Regional Təhsil İdarəsinin əhatə etdiyi ümumi təhsil məktəblərində təhsil alan şagirdlər il ərzində Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən bir sıra olimpiada, müsabiqə və festivallarda fəal iştirak edib, onların bir çoxu bu yarışların qalibi olub.

Çıxışlardan sonra təltif və mükafatların təqdim olunmasına başlanılıb. Diqqətə çatdırılıb ki, “SAF 2023” – Beynəlxalq STEAM Azərbaycan Festivalında Şəki-Zaqatala Regional Təhsil İdarəsinin əhatə etdiyi ümumi təhsil məktəblərindən olan komandalar böyük uğura imza atıb, 33 məktəbli və 15 mentor müəllim qalib gələrək, medallara layiq görülüblər.

Tədbirdə, həmçinin Lütfi Zadə adına məntiq olimpiadasında, fənn müsabiqələrində qalib gəlmiş məktəblilərə, elm və təhsil nazirinin müvafiq əmri ilə “Qabaqcıl təhsil işçisi” döş nişanı və "Fəxri fərman” ilə təltif olmuş müəllimlərə mükafatlar təqdim olunub.

Tədbir ədəbi-bədii kompozisiya ilə davam edib.


Açar sözlər: