05.12.2023

“Sağlam cəmiyyət- sağlam gələcək!” devizi altında maarifləndirici tədbirlər keçirilib

Balakən rayon Qazma 1 nömrəli və Qazma 2 nömrəli kənd tam orta məktəblərində, Qazma 1 nömrəli və Qazma 2 nömrəli kənd körpələr evi-uşaq bağçalarında “Sağlam cəmiyyət- sağlam gələcək!” devizi altında maarifləndirici tədbirlər keçirilib.

Tədbirdə Balakən rayon təhsil sektoru, Mərkəzi Xəstəxana, Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları, pedaqoji kollektiv və valideynlər iştirak ediblər.

Görüşlərdə qızılca xəstəliyi və mövsümi yoluxucu xəstəliklər ilə bağlı, habelə onlardan fərdi qorunma metodları barədə maarifləndirici məlumat verilib. Bildirilib ki, profilaktik peyvəndlər vasitəsi ilə yoluxucu xəstəliklərin qarşısının alınması (İmmunoprofilaktika) yoluxucu infeksion xəstəliklərə qarşı ən effektiv müdafiə metodu hesab edilir və əhalinin sağlamlığının qorunması məqsədi ilə həyata keçirilir. Qeyd olunub ki, virusun yayılmasını dayandırmaq üçün kollektiv immuniteti 85-95% səviyyəsində saxlamaq lazımdır. Buna nail olmağın yeganə yolu peyvəndləmədən keçir. Eyni zamanda peyvənddən imtina yalnız qızılca xəstəliyinin yayılmasına deyil, həm də digər xəstəliklərə səbəb olur ki, bu da difteriya, poliomielit və sarı qızdırmadır.

Çıxışlarda vurğulanıb ki, önləyici profilaktik tədbirlərin keçirilməsi və müvafiq maarifləndirmənin aparılması yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaqda mühüm rol oynayır. İnsanların zamanında məlumatlara əlçatanlığını təmin etməklə onların sağlam yetişməsinə töhfə vermiş oluruq.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, müvafiq tövsiyələr verilib.


Açar sözlər: ,