08.12.2023

İnklüziv təhsil sahəsində beynəlxalq təcrübə öyrənilir

Azərbaycan Respublikasının Təhsil İnstitutu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Şəki-Zaqatala, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Şirvan-Salyan Regional Təhsil İdarələrinin nümayəndələrindən ibarət Azərbaycan heyəti 27-30 noyabr tarixlərində inklüziv təhsil sahəsində Serbiya Respublikasının təcrübəsini öyrənmək üçün Belqrad şəhərində təhsil səfərində olub.

Səfərin əsas məqsədi Serbiya Respublikasının inklüziv təhsillə bağlı mövcud təcrübəsini öyrənmək, əldə olan nəticələrin, mümkün əməkdaşlıq imkanlarının müzakirəsini təşkil etmək və inklüziv təhsilin əhatəliliyinin genişləndirilməsi istiqamətində birgə fikir mübadiləsi aparmaq olub.

Səfər çərçivəsində UNICEF-in Serbiyadakı nümayəndəliyi, Təhsilin İnkişafı üçün İnstitut və Təhsilin Keyfiyyəti və Qiymətləndirilməsi İnstitutu ilə görüşlər keçirilib, Belqrad şəhərində yerləşən inklüziv təhsilin tətbiq olunduğu bağçalardan birinə səfər edilib və Serbiyanın Psixoloji-tibbi-pedaqoji komissiya (PTPK) üzvləri ilə sağlamlıq imkanları məhdud uşaqların inklüziv təhsilə cəlb edilməsi istiqamətində müzakirə aparılıb.

Təhsil səfəri zamanı Serbiyanın təhsil sistemi, təhsil tədqiqatları institutları, o cümlədən yuxarıda adıçəkilən hər bir qurumun inklüziv təhsillə əlaqədar fəaliyyətləri haqqında iştirakçılara məlumat verilib. Əlavə olaraq, Təhsilin İnkişafı üçün İnstitut daxilində Peşəkar inkişaf, Peşə və yetkinlik yaşına çatmış şəxslərin təhsili, Dərsliklərin hazırlanması Mərkəzləri və Xüsusi təhsil mövzuları üzrə sektorunun həyata keçirdiyi işlər müzakirə olunub. Görüşlərdə Azərbaycan nümayəndə heyətini maraqlandıran suallar cavablandırılıb.

Səfər çərçivəsində, həmçinin Azərbaycanın ümummilli lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, ayrı-ayrı tarixi muzey və görməli yerlərə gəzintilər təşkil olunub.


Açar sözlər: ,