Balakən rayon təhsil sektorunda qızılca xəstəliyi ilə bağlı maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Balakən Rayon İcra Hakimiyyəti, rayon Gigiyena və Epidemiologiya Mərkəzi və rayon təhsil sektorunun əməkdaşları, məktəb direktorları və bağça müdirləri iştirak edib.
Tədbirdə çıxış edən pediatr Arzu Rəsulova bildirib ki, qızılca son dərəcə yoluxucu xəstəlikdir və hava-damcı yolu ilə ötürülür. Virus, əsasən, tənəffüs yollarının selikli qişasını və udlağın arxa divarını yoluxdurur. Yüksək hərarət, quru öskürək, qızarmış gözlər, işığa həssaslıq, burun axması, boğaz ağrısı, ağızın selikli qişasında xırda ağ ləkələr və adətən üzdən başlayan gövdə və ayaqlara yayılan səpkilərə səbəb olur. Əksər insanlar bir neçə həftə ərzində sağalır, lakin təxminən 20%-də qulaq infeksiyaları, bronxit, pnevmoniya, ishal, ensefalit və korluq kimi ağırlaşmalar inkişaf edir. Qızılca xəstəliyindən əziyyət çəkənlərdə ömürlük güclü immunitet yaranır. Qızılcaya qarşı yeganə qorunma vasitənin peyvənd olduğunu bildirən pediatr başqa bir müalicə metodunun olmadığını da vurğulayıb. O qeyd edib ki, uşaqların yoxlanılması mütəmadi şəkildə keçirilir. Uşaq xəstədirsə, 21 gün müddətində karantin təyin olunur.
Daha sonra rayon Gigiyena və Epidemiologiya mərkəzinin əməkdaşı çıxış edərək vacib məqamlara toxunub. Diqqətə çatdırılıb ki, qızılca əhaliyə bəsit xəstəlik kimi görünsə də, onun ciddi fəsadlarla nəticələnə biləcək ağırlaşmaları olur. Əgər uşaqlarda hər hansı kataral əlamət və ya səpki müşahidə olunursa, mütləq şəkildə həkimlə əlaqə saxlamaq lazımdır. Unutmayaq ki, hər hansı düzgün olmayan müdaxilə sağlamlığınıza ciddi şəkildə zərbə vura bilər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.