15.12.2023

Eksternat qaydada imtahan keçiriləcək

Şəki-Zaqatala Regional Təhsil İdarəsi əvvəlki illərdə ümumi təhsil müəssisələrində oxuyub, ümumi orta və tam orta təhsil səviyyəsini bitirə bilməyən şəxslər üçün 22 dekabr 2023-cü il tarixdə Eksternat qaydada imtahan təşkil edəcəkdir.

Eksternat qaydada aralıq imtahanlarında Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində əvvəlki illərdə təhsil almış, lakin ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməyən, eyni zamanda imtahanda iştirak etmək üçün 14 dekabr 2023-cü il tarixədək ərizə ilə müvafiq rayon Təhsil sektorlarına müraciət edərək qeydiyyatdan keçmiş şəxslər iştirak edə bilərlər.

Qeydiyyat müddətində imtahanda iştirak üçün ümumi orta təhsil sənədi (IX) üzrə 69, tam orta təhsil sənədi (XI) üzrə 286 nəfər, ümumilikdə isə 355 nəfər ərizə ilə müraciət etmişdir.

İmtahan 2 mərkəzdə təşkil ediləcəkdir.

1.Şəki,Oğuz və Qəbələ rayonları üzrə Təhsil sektorlarına ərizə ilə müracət etmiş vətəndaşlar üçün

İmtahan mərkəzi: Şəki şəhər 11 nömrəli tam orta məktəb

İmtahan tarixi: 22 dekabr 2023-cü il

İmtahanın başlama vaxtı: 15:00

2.Balakən,Zaqatala və Qax rayonları üzrə Təhsil sektorlarına müracət etmiş eksternlər üçün

İmtahan mərkəzi: Zaqatala şəhər Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəb

İmtahan tarixi: 22 dekabr 2023-cü il

İmtahanın başlama vaxtı: 15:00

İmtahana gələcək vətəndaşlar 14:40-dan gec olmayaraq imtahan keçiriləcək ünvanda olmalıdır. Şəxsiyyət vəsiqəsini özü ilə gətirməyən Eksternlər imtahana buraxılmayacaq.

İmtahan üçün 90 dəqiqə vaxt veriləcək və suallar yazılı formada təqdim ediləcəkdir.(qələm gətirmək tövsiyə olunur.) Eksternlərə Azərbaycan dili, Ədəbiyyat, Riyaziyyat, Azərbaycan tarixi, Ümumi tarix, Fizika, Kimya, Biologiya,Coğrafiya, İnformatika və təhsil aldığı dövrdə keçdiyi Xarici dil fənlərinin hər birindən orta məktəb proqramı çərçivəsində 5 sual təqdim olunacaq.

Yaşadığı ərazidən kənarda işləyən Eksternlərin imtahan tarixinədək işlədikləri müəssisələrdən icazə məsələlərini həll etməsi tövsiyə olunur.

İmtahanda uğur qazanmış Eksternlər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi və tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququ qazanırlar.

Əlavə sualı olan vətəndaşlar Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Çağrı Mərkəzinin (+994) 50 768 54 94 əlaqə nömrəsinə zəng edə və ya whatsappa yazaraq ətraflı məlumat ala bilərlər.


Açar sözlər: