19.12.2023

“Zəfər” elm olimpiadasının qaliblərinin mükafatlandırma tədbirləri keçirilib

Şəki-Zaqatala Regional Təhsil İdarəsi tərəfindən keçirilən “Zəfər” elm olimpiadasının qaliblərinin mükafatlandırılma tədbirləri keçirilib.

Rayon təhsil sektorları tərəfindən təşkil olunan mükafatlandırma tədbirlərində ATİAHİ-nin rayon komitələrinin sədrləri, təhsil sektorunun əməkdaşları, məktəb direktorları və şagirdlər iştirak edib.

Çıxış edənlər qalibləri təbrik edərək son illərdə olimpiadalar və istedadlı uşaqlarla iş sahəsində həyata keçirilən tədbirlərdən söz açıb, müvafiq tövsiyələr verib. Bildirilib ki, beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə, respublika fənn olimpiadaları qaliblərinin isə müvafiq fənlər üzrə müsabiqədənkənar ödənişsiz əsasda ali təhsil müəssisələrinə qəbul imkanı əldə etməsi olimpiadalar sahəsində islahatların əsas göstəricisidir.

Sonda qaliblər hədiyyə və fəxri fərmanla təltif olunub.

Qeyd edək ki, müzəffər ordumuzun dövlətçilik tariximizdə mühüm əhəmiyyət daşıyan Vətən müharibəsində qazandığı şanlı zəfəri əbədiləşdirmək, eləcə də yaradıcı təfəkkürü ilə fərqlənən, istedadlı şagirdlərin aşkara çıxarılması, regionda fənn olimpiadalarına marağın artırılması məqsədilə keçirilən olimpiadanın zona turunda iştirak etmiş 867 şagirddən 41 nəfər I, 49 nəfər II, 53 nəfər isə III yerin qalibi olub.  


Açar sözlər: ,  ,  ,