Şəki rayonu üzrə təhsil sektorunun təşkilatçılığı və Şəki Şəhər Rayon Polis Şöbəsinin təşəbbüsü ilə şəhər 10 nömrəli orta məktəbdə “Narkomaniyaya yox deyək”, “Erkən nikahın fəsadları” və “Dini radikalizmlə mübarizə” mövzularında maarifləndirmə tədbir keçirilib.
Tədbirdə çıxış edən ŞRPŞ-nin rəisi, polis polkovniki Elnur Həsənov müasir dövrdə narkomaniyanın insanlıq əleyhinə böyük bəlaya çevrildiyini qeyd edərək onun zərərlərindən, ağır nəticələrindən danışıb, səbəb olduğu faciələrdən real faktlara istinad edib. E.Həsənov yeniyetmələrə bu bəladan hər zaman uzaq, milli-mənəvi dəyərlərimizə sadiq olmalarını, təhsilə, sağlam həyat tərzinə maraq göstərmələrini tövsiyə edib.
Erkən nikahın fəsadlarından da söz açan şöbə rəisi ölkə qanunvericiliyində nikah yaşı, erkən nikahın yaratdığı hüquq pozuntusu və digər məsələlərlə bağlı ətraflı məlumat verib, bu kimi halların qarşısının alınmasında maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb.
Daha sonra dini radikalizm və onun fəsadları barədə məlumat verilib, ölkəmizdə dini tolerantlığın, multikulturalizm dəyərlərinin daim qorunduğu, inkişaf etdirildiyi və bu istiqamətdə dövlət tərəfindən bir sıra mühüm tədbirlərin görüldüyü diqqətə çatdırılıb.