20 Noyabr – Ümumdünya Uşaq Hüquqları Günü münasibətilə Zaqatala rayon Heydər Əliyev Mərkəzində “Qəhrəman yurdun xoşbəxt uşaqları” adlı bayram şənliyi keçirilib.
Bayram şənliyində Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Süleymanova, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun müdiri Alqış Həsrətov, İdarənin Tədrisin keyfiyyəti sektorunun aparıcı məsləhətçi Elsəvər Qurbanov, rayon təhsil sektorunun müdiri Kəmalə Əhmədova, valideynlər və şəhid övladları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Mərkəzin qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzüblər.
Tədbirin əvvəlində Ulu Öndərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bayram şənliyinin iştirakçıları “Xoşbəxt uşaqlar” mahnısının sədaları altında zala daxil olublar. Dövlət Himninin oxunmasından sonra uşaqlara aid videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edənlər ölkəmizdə uşaqların müdafiəsinin, onların hüquq və azadlıqlarının təmin edilməsinin, rifahının yaxşılaşdırılmasının dövlət siyasətinin başlıca istiqamətlərindən birini təşkil etdiyini vurğulayıblar. Bildirilib ki, uşaqlar sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Ölkəmizdə uşaqlara dövlət tərəfindən daim diqqət və qayğı göstərilir, onların sağlamlığı, təlim-tərbiyəsi, təhsili sahəsində ardıcıl iş aparılır.
Bayram şənliyi rayonun məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə alan istedadlı uşaqların çıxışları ilə davam edib.