Şimal-qərb regionunun ümumi təhsil müəssisəsində fövqəladə hallar zamanı davranış qaydalarına dair maarifləndirici tədbir keçirilib.
Qax rayonu N.Allahverdiyev adına 2 nömrəli məktəb-liseydə təşkil olunan tədbirdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinin əməkdaşı Rövşən Ağayev, Şəki -Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini Günay Mahmudova,Tədrisin keyfiyyəti sektorunun müdiri Bəhruz Nəbili, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri, Qax rayon təhsil sektorunun müdiri Babək Heydərov, məktəb direktorları, müəllim və şagirdlər, habelə digər qonaqlar iştirak edib.
Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi, Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Şəki -Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini Günay Mahmudova giriş sözü ilə açaraq görüşün əhəmiyyəti barədə iştirakçılara məlumat verib.
Daha sonra Fövqəladə Hallar Nazirliyinin nümayəndələri fövqəladə hallar zamanı davranış, suda boğulma, yanğın və dəm qazı ilə əlaqədar təhlükəsizlik qaydaları və digər mövzular barədə məlumat verib, məktəblərdə bu istiqamətdə keçirilən tədbirlər barədə danışıblar.
Sonra Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinin əməkdaşı Rövşən Ağayev iştirakçılarla fikir mübadiləsi aparıb, onları maraqlandıran sualları cavablandırıb.
Sonda Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətlərindən bəhs edən sənədli film və videoçarx nümayiş olunub.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı, Fövqəladə Hallar Nazirliyinin dəstəyi ilə keçirilən layihənin məqsədi suda boğulma, yanğın, dəm qazı, digər fövqəladə hallar zamanı davranış qaydalarına dair bilik və bacarıqların təkmilləşdirilməsi, bu istiqamətdə maarifləndirmə prosesinin fasiləsizliyinin təmin edilməsindən ibarətdir.