8 Noyabr - Zəfər Günü münasibətilə Şəki-Zaqatala Regional Təhsil İdarəsi şəhid ailələrinin üzvləri, qazilər və Vətən müharibəsi iştirakçısı olmuş müəllimlərlə görüş keçirib.
Görüşdə Şəki -Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini Günay Mahmudova, Şəki şəhər İcra Hakimiyyətinin nümayəndəsi Anar Mammadov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Şəki və Qax rayon Komitələrinin sədrləri, şəhid ailələrinin üzvləri, qazilər və Vətən müharibəsi iştirakçısı olmuş müəllimlər iştirak ediblər.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini çıxış edərək şanlı tarix yazan Vətən oğullarının qəhrəmanlığından, əsgər və zabitlərimizin misilsiz rəşadətindən, əzmkarlığından, xalqımızın mübarizliyindən söz açıb, bu tarixi Zəfərin Prezident-Xalq-Ordu birliyi sayəsində əldə olunduğunu vurğulayıb. Müdir müavini ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyyatlarda əsgər və zabitlərimizin göstərdikləri şücaətlərin hər birimizdə sonsuz iftixar hissi doğurduğunu qeyd edib.
Daha sonra çıxış edən şəhid ailələrinin üzvləri, qazilər və Vətən müharibəsi iştirakçıları onlara göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.
Sonda tədbir iştirakçılarına diplom və hədiyyələr təqdim olunub.
Tədbir vətənpərvərlik mövzusunda mahnılardan ibarət konsert proqramı ilə davam edib.