05.11.2023

Balakəndə Zəfər Gününə həsr olunan təntənəli tədbir keçirilib

Balakən rayon Nəsimi adına şəhər 2 nömrəli və Qullar 1 nömrəli kənd tam orta məktəbində Zəfər Gününə həsr olunan təntənəli tədbir keçirilib.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Turan Dibirov, RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, Vətən müharibəsi iştirakçısı Hacı Muradov, rayon təhsil sektorunun müdiri Elvin Mustafayev, ATİAHİ-nin Balakən rayon komitəsinin sədri Ramazan Mololov, rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru, Vətən müharibəsi iştirakçısı Turan Musayev, "Gənclər evi" sosial xidmət müəssisəsinin rəhbəri Tale Şahverdiyev, RİH, təhsil sektoru, Gənclərin İnkişaf və Karyera Mərkəzinin əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak edib.

Zəfər Gününə həsr olunan tədbir torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edənlər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbədən bəhs edib. Bildirilib ki, Vətən müharibəsi Azərbaycanın hərbi gücünü bütün dünyaya nümayiş etdirdi. Bu müharibədə ilk dəfə müasir texnologiyalardan istifadə olunması hələ uzun illər dünyanın hərbi ekspertlərinin araşdırma mövzusuna çevriləcək. Qeyd olunub ki, zəfərimizi təmin əsas amillərdən biri xalqımızın cənab Prezident İlham Əliyevin ətrafında yumruq kimi birləşməsi oldu.

Zəfər tədbirləri şagirdlərin təqdimatında ədəbi-bədii kompozisiyalarla davam etdirilib.

Qeyd edək ki, tədbir çərçivəsində həmçinin Nəsimi adına şəhər 2 nömrəli məktəbin şagirdlərinin şəhidlərə həsr etdiyi "Balakən qartalları" kitabının təqdimatı keçirilib. Şəhidlərin avtobioqrafiyası və onlar haqqında xatirələrdən ibarət kitab şəhid ailələrinə hədiyyə edilib.


Açar sözlər: ,  ,