Şəki rayon ümumtəhsil məktəblərində rayon təhsil sektorunun təşkilatçılığı, Şəki Şəhər-Rayon Polis Şöbəsinin təşəbbüsü ilə "Gənclər narkomaniyaya yox deyir", "Dini radikalizmə qarşı mübarizə hər birimizin borcudur", "Erkən nikah və onun fəsadları" və "Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu" mövzularında maarifləndirici tədbirlər keçirilib.
Tədbirlərdə Şəki rayon təhsil sektorunun, Şəki Şəhər İcra Hakimiyyəti və Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları, məktəbin müəllimləri və IX, X, XI sinif şagirdləri iştirak ediblər.
Tədbirlərin keçirilməsində əsas məqsəd iştirakçıları narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə şagirdlər arasında daha səmərəli iş aparmaq üçün məlumatlandırmaq, narkomanlığın cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlarla bağlı məktəblilər arasında təbliğatı gücləndirmək və təhsilə, elmə, olan marağı artırmaq məsələlərini müzakirə etməkdən ibarətdir.
Çıxış edənlər yeniyetmə və gənclərin narkomaniya və digər zərərli vərdişlərdən qorunması üçün aparılan işlər barədə ətraflı məlumat verilib, gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi mövzusunda geniş məruzələrlə çıxış ediblər.
Sonda iştirakçıları maraqlandıran suallar dolğun şəkildə cavablandırılıb. Həmçinin tədbirdə iştirak edənlərə narkomaniyanın törətdiyi fəsadları özündə əks etdirən videoçarx nümayiş etdirilib.