27.10.2023

“Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda ikigünlük  seminar-treninq keçirilib

Balakən rayonunda “Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda ikigünlük  seminar-treninq keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Elm və Təhsil Nazirliyi (ETN) ilə  birgə təşkil etdiyi seminar-treninqin məqsədi gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi üçün onlarla işin qurulması istiqamətləri, xüsusilə yuxarı sinif şagirdləri arasında bu dəyərlərin təbliğ olunması metodları, dinə aid mövzuların şagirdlərə çatdırılması üsulları və bu kimi digər mövzular ətrafında fikir mübadiləsinin aparılmasıdır.

Tədbirdə Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarında yerləşən məktəblərin direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəb psixoloqları, Həyat bilgisi, tarix, Azərbaycan dili və ədəbiyyat fənlərini tədris edən müəllimlər iştirak ediblər.

Öncə Azərbaycanın dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İkigünlük seminar-treninqdə çıxış edən Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Balakən rayonu üzrə təhsil sektorunun müdiri Elvin Mustafayev və sektorun digər əməkdaşı Sevinc İbadova DQİDK ilə ETN-nin əməkdaşlığının vacibliyindən bəhs edib və birgə görülən işlərin effektivliyini qeyd ediblər.

Daha sonra DQİDK-nın Dini təhsil şöbəsinin müdiri Elnarə Kərimova Azərbaycan cəmiyyətinə yad olan dini cərəyanlar, xüsusilə məzhəbçi və radikal qrupların fəaliyyəti, onlara qarşı mübarizənin vacibliyi və bu istiqamətdə DQİDK tərəfindən həyata keçirilən layihələr barədə geniş məlumat verib. E.Kərimova, həmçinin yeniyetmə və gənclərin zərərli ideologiyaların təsiri altına düşməmələri, radikalizm, məzhəbçilik, xurafat kimi neqativ meyillərdən uzaq olmaları üçün məktəblərdə geniş təbliğat işlərinin aparılmasının zəruriliyinə toxunaraq  sözügedən sahədə pedaqoji heyətin üzərinə düşən məsuliyyətdən danışıb.

Azərbaycan İlahiyyat İnstitutunun İlahiyyat fakültəsinin dekanı Elnurə Əzizova çıxışında gənc nəslin radikalizmin təsirlərindən qorunmasında milli-mənəvi dəyərlərin roluna diqqət çəkib. Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasında təhsil müəssisələrinin roluna diqqət çəkərək bu istiqamətdə ümumtəhsil məktəblərinin üzərinə düşən vəzifələr haqqında söz açıb. E.Əzizova həyat bilgisi, tarix, Azərbaycan dili və ədəbiyyat fənlərinin tədris proqramlarındakı milli-mənəvi dəyərlərimiz, həmçinin dinlər, xüsusilə İslamla bağlı mövzuların şagirdlərə düzgün izah edilməsi, bu mövzularda mümkün sualların cavablandırılması istiqamətində tövsiyələrini müəllimlərin diqqətinə çatdırıb.

Daha sonra iştirakçılar arasında müzakirə, praktiki məşğələlər və qrup işləri həyata keçirilib. Müəllimlər məktəbdə tədris etdikləri fənn çərçivəsində şagirdlərə milli-mənəvi dəyərlərin necə öyrədilməsi barədə öz fikir və təkliflərini bölüşüblər.

Həmçinin DQİDK-nın sifarişi ilə çəkilmiş “Azərbaycan gəncliyi və mənəvi dəyərlər” sənədli filmi nümayiş olunub.

İkigünlük seminar-treninq maraqlı müzakirələr və fikir mübadiləsi ilə yekunlaşıb.

 


Açar sözlər: ,  ,