Şəki rayonu üzrə təhsil sektorunun və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şəki rayon Komitəsinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Qayıdan torpaqlar, qayıtmayan oğullar” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.
Müsabiqənin keçirilməsində məqsəd böyüməkdə olan gənc nəslin nümayəndələrinə doğma Vətənə sevgi, məhəbbət hisslərini aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək, Azərbaycanın tarixi Qələbəsini təbliğ etmək, həmçinin istedadlı şagirdlərin inşa yazı sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmələri üçün şərait yaratmaqdır.
Şəki şəhər 12 saylı tam orta məktəbdə təşkil olunan müsabiqədə rayonun ümumtəhsil məktəblərinin 8–11-ci siniflərində təhsil alan 41 şagird iştirak edib.
Müsabiqədə ilk üç yeri tutan şagirdlər diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.