Tədbirlərdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin əməkdaşları, Rayon İcra Hakimiyyətinin rəsmiləri, yerli rayon təhsil sektorlarının əməkdaşları, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının rayon Komitələrinin sədrləri, məktəb direktorlar və müəllimlər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsini ehtiramla anıblar.
5 oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş hərbiçilərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər ilk olaraq hər kəsi əlamətdar gün münasibətilə təbrik edib və onlara xoş arzularını bildirib. Qeyd edilib ki, ümummilli lider Heydər Əliyev hər zaman müəllim əməyini yüksək qiymətləndirib, onlara hörmət və ehtiramla yanaşıb. Müəllimlərin rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımların ölkə Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyi diqqətə çatdırılıb.
Daha sonra çıxış edən müəllimlər onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirib, yaradılan geniş imkanlardan yüksək səviyyədə bəhrələnərək ölkəmizin gələcək inkişafı üçün Azərbaycana layiqli vətəndaşlar yetişdirmək yolunda səylə çalışacaqlarını ifadə ediblər.
Daha sonra öz səmərəli fəaliyyəti ilə fərqlənən təhsil işçilərinə fəxri fərman və hədiyyələr təqdim olunub.
Sonda şagirdlər müəllimlərə həsr olunmuş şeirlərdən parçalar səsləndirib, mahnılar ifa edib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.