Balakən rayonunda Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, Yeni Azərbaycan Partiyasının Balakən rayon təşkilatının sədri Azad Balayev, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Tədrisin keyfiyyəti sektorunun müdiri Bəhruz Nəbili, rayon təhsil sektorunun müdiri Elvin Mustafayev, təhsil müəssisələrinin rəhbərləri və müəllimləri, şəhid ailələri, müharibə iştirakçıları və digər qonaqlar iştirak edib.
Tədbir Dövlət Himninin səsləndirilməsi, ardınca Ulu Öndər Heydər Əliyevin və Vətənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev təhsil işçilərini təbrik edib, onlara şərəfli və məsuliyyətli peşələrində uğurlar arzulayıb. Dövlətimizin başçısının Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğıdan bəhs edərək bildirib ki, rayonun bir çox ümumi təhsil müəssisələrində yenidənqurma işləri aparılıb, maddi-texniki bazaları zənginləşdirilib.
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev müəllimləri peşə bayramı münasibətilə təbrik edərək təhsilin inkişafı istiqamətində görülən işlərdən və müəllimlərin qazandığı uğurlardan danışıb. Habelə region üzrə şagird və müəllim nailiyyətləri, milli qiymətləndirmə və buraxılış imtahanın nəticələri üzrə uğurları bölüşüb, yeni tədris ili üçün prioritet istiqamətləri tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Daha sonra Şərif kənd 1nömrəli tam orta məktəbin müəllimi, şəhid anası Tinay Sarkayeva və şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasının tərbiyəçi-müəllimi Leyla Qardaşova çıxış edərək təhsilə, müəllimlərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.
Tədbir şagirdlərin ədəbi-bədii çıxışları ilə davam etdirilib.
Daha sonra videoçarx nümayiş olunub.
Sonda səmərəli fəaliyyətinə, gənc nəslin təlim-tərbiyə sahəsində göstərdikləri fəal və nümunəvi xidmətlərinə görə bir qrup təhsil işçisi təltif edilib.