Balakəndə 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “Qüvvət elmdədir” adlı bilik yarışı keçirilib.
Yarış Dövlət Himninin səsləndirilməsi, daha sonra Ulu Öndər Heydər Əliyev və Vətənin azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Balakən rayon təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümum təshil məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət 10 komandanın iştirak etdiyi yarışın nəticələrinə əsasən, Balakən rayonu Humanitar və Texniki təmayüllü liseyin "Suqovuşan" komandasının üzvləri Bakı şəhərində keçiriləcək final mərhələsində iştirak hüququ qazanıb.
Qeyd edək ki, “Qüvvət elmdədir” adlı layihə çərçivəsində ölkənin 6 müxtəlif regionunda intellektual yarışların təşkil edilməsi və final mərhələsinin Bakı şəhərində keçriliməsi nəzərdə tutulur.