Oktyabrın 14-də Qax şəhər Dilarə Əliyeva adına 1 nömrəli tam orta məktəbin 100 illiyi münasibətilə yubiley tədbiri keçirilib.
Tədbirdə Qax Rayon İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, rayon Təhsil sektorunun rəhbər şəxsləri, məktəbin məzunları, müəllim və şagirdlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məktəbin direktoru Mədinə Heydərova çıxış edərək, qocaman təhsil ocağının yaranma tarixi, keçdiyi inkişaf yolu barədə danışıb. Bildirilib ki, məktəb maarifçi, ictimai-siyasi xadim İslam bəy Qabulovun təşəbbüsü ilə yaradılıb və ötən müddət ərzində Azərbaycanda maarifin və təhsilin inkişafında xüsusi xidmətləri olub, neçə-neçə elm adamı, alim, nüfuzlu ziyalılar yetişdirib. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, məktəb 2010-2011-ci tədris ilində “Ən yaxşı ümumi təhsil müəssisəsi” respublika müsabiqəsinin qalibi olub.
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev çıxışında təhsilin Azərbaycanın dövlət siyasətinin prioritetlərindən biri olduğunu, təhsil sisteminin müasir tələblər səviyyəsində qurulmasının əsasında məhz məqsədyönlü siyasət və düşünülmüş strategiyanın dayandığını diqqətə çatdırıb.
Regional Təhsil İdarəsinin müdiri daha sonra elm və təhsil naziri Emin Əmrullayevin Qax şəhər 1 nömrəli tam orta məktəbin kollektivinə ünvanladığı təbrik məktubunu oxuyub.
Məktəbin qabaqcıl müəllimlərinə Elm və Təhsil Nazirliyinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin fəxri fərmanları təqdim olunub.
Qax Rayon İcra Hakimiyyətinin başçısı, məktəbin məzunu Musa Şəkiliyev kollektivi 100 illik yubiley münasibətilə təbrik edib, ölkəmizdə elm və təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından, rayonun təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıb, kollektivə işlərində müvəffəqiyyətlər arzulayıb. Bildirilib ki, son illər Qax rayonunda da təhsilin infrastrukturunun müasir tələblərə uyğun qurulması, təhsilin məzmununun yeniləşdirilməsi, keyfiyyətinin yüksəldilməsi istiqamətində çox böyük işlər görülüb. Diqqətə çatdırılıb ki, son 20 ildə rayonda 36 məktəb binası, 18 körpələr evi-uşaq bağçası tikilib istifadəyə verilib və ya əsaslı təmir olunub. O cümlədən Heydər Əliyev Fondu tərəfindən rayonda 3 məktəb binası və 2 körpələr evi-uşaq bağçası inşa edilib. Fondun təşəbbüsü ilə reallaşdırılan “Yeniləşən Azərbaycana yeni məktəb proqramı” çərçivəsində 2006-cı ildə bu təhsil ocağı üçün əlavə tədris korpusu da tikilib istifadəyə verilib.
Məktəbin bir qrup müəllimi Qax Rayon İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif olunublar.
Daha sonra tədbirdə çıxış edən məktəbin məzunları və digər qonaqlar kollektivi əlamətdar yubiley münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayıblar.
Gənc Heydərçilər kollektivə öz təbriklərini çatdırıblar.
Yubiley tədbiri bədii proqramla davam edib.