Balakən Rayon İcra Hakimiyyəti və rayon təhsil sektorunun birgə təşkilatçılığı ilə ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilən, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş rəsm müsabiqəsinə yekun vurulub.
“Heydər Əliyev İli” çərçivəsində təşkil edilən müsabiqə 2 mərhələdə keçirilib, məktəb mərhələsində qalib elan edilən rəsm əsərləri rayon mərhələsinə təqdim edilib. Ümumilikdə isə ilkin mərhələdə 40-dan çox ümumtəhsil məktəbinin yüzə yaxın şagirdi öz rəsmləri ilə iştirak edib və həmin mərhələdə seçilən rəsmlər müsabiqənin rayon mərhələsində nümayiş etdirilib.
Balakən şəhər Uşaq İncəsənət məktəbində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş rəsm müsabiqəsində fərqlənən şagirdlərin əl işlərindən ibarət sərgi və müsabiqənin yekun tədbiri təşkil edilib.
Tədbirdə Balakən RİHB-nin müavini Nəzakət Rüstəmova, rayon üzrə təhsil sektorunun müdiri Elvin Mustafayev, rayon gənclər və idman sektorunun rəisi Rasim Paçalov, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş sözü ilə çıxış edən Balakən RİHB-nin müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nəzakət Rüstəmova qeyd edib ki, müsabiqənin məqsədi Heydər Əliyev irsini təbliğ etmək, istedadlı şəxsləri üzə çıxarmaq, onların yaradıcılıq potensilını inkişaf etdirmək, aktiv peşəkar sənətə istiqamətləndirmək, yeniyetmə və gənclər arasında maddi və mənəvi dəyərlərimizə məhəbbət hissini aşılamaqdır.
İştirakçıların rəsmləri tədbirin qonaqları tərəfindən böyük maraqla qarşılanıb. Gənc rəssamlar öz əsərlərinin nümayişi zamanı tamaşaçılara əsərləri ilə bağlı izahlar veriblər.
Qeyd edək ki, məktəblilərin təqdim etdiyi rəsmlərin qiymətləndirilməsi peşəkar mütəxəssislərindən ibarət komissiya tərəfindən həyata keçirilib.
Müsabiqənin nəticəsinə əsasən, bir nəfər I yerə, iki nəfər II yerə, üç nəfər III yerə, dörd nəfər isə həvəsləndirici yerə layiq görülüb.
Qaliblər diplom və qiymətli hədiyyələrlə təltif edilib.