25.09.2023

"Tarixi qələbə: Qarabağa qayıdış" mövzusunda "dəyirmi masa" keçirilib

Balakən rayon təhsil sektoru və Balakən rayon Tarix-Diyarşünaslıq muzeyinin tərəfdaşlığı ilə "27 Sentyabr-Anım Günü"nə həsr olunan "Tarixi qələbə: Qarabağa qayıdış" mövzusunda rayon Tarix-Diyarşünaslıq muzeyində "dəyirmi masa" keçirilib.

Tədbirdə şəhid ailələri, müharibə iştirakçıları, muzey əməkdaşları, təhsil işçiləri və şagirdlər iştirak ediblər.

Tədbir Vətəninin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, Vətən müharibəsi veteranı Turan Musayev qonaqları salamlayaraq tarixi zəfərimizdən, torpaqlarımızın azad edilməsində xüsusi xidmətləri olmuş şəhid və qazilərimizin göstərdikləri qəhrəmanlıqlardan söhbət açıb. T.Musayev çıxışında şəhidlərimizin şəxsi əşyalarının muzeyin Vətən müharibəsi fondunda qorunduğunu, tarixi qələbəmizi əks etdirən bu materialların öyrənilməsi və təbliği istiqamətində bir sıra işlərin görüldüyünü vurğulayıb.

Daha sonra AMEA-nın Şəki REM-in elmi işçisi, Balakən rayon Nəsimi adına şəhər 2 nömrəli tam orta məktəbin tarix müəllimi Akif Məmmədli, rayon təhsil sektorunun aparıcı məsləhətçisi Sevinc İbadova, Balakən rayon Nizami adına şəhər 1 nömrəli məktəbin tarix müəllimi Altay Məmmədli, Balakən rayon Katex kənd 1 nömrəli tam orta məktəbin direktoru, Vətən müharibəsi iştirakçısı Nicat Mikayılov çıxış edərək Vətən müharibəsi nəticəsində əldə edilmiş tarixi zəfər, habelə Qarabağa qayıdış, bu istiqamətdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan quruculuq işlərindən, ölkəmizin bu şanlı tarixin əbədiləşdirilməsi istiqamətində gördüyü işlərdən danışıb.

Humanitar və texniki təmayüllü liseyin təşkilatçı müavini, şəhid anası Zümrüd Məmmədova, Talalar kənd 1 nömrəli tam orta məktəbin təşkilatçı müavini, şəhid bacısı Kəmalə Abdullayeva tədbirdə çıxış edərək müharibə zamanı şəhidlərimizin keçdikləri döyüş yolları, qazanılan möhtəşəm Zəfər haqqında öz təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüblər.

Daha sonra şagirdlərin mövzu ilə bağlı fikirləri dinlənilib.

Çıxışlardan sonra qonaqlar muzeyin Vətən müharibəsi fondunda qorunan şəhidlərin şəxsi əşyaları ilə, habelə digər eksponatlarla yaxından tanış olublar.

Sonda tədbir iştirakçıları ilə birlikdə xatirə fotosu çəkilib.


Açar sözlər: ,  ,