Şəki şəhər 17 nömrəli tam orta məktəbdə ilk dərs gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, rayon təhsil sektorunun əməkdaşları, məktəb rəhbərliyi, valideyn və şagirdlər iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Məktəbin direktoru Gülnarə Nəsibova şagirdlərə yeni tədris ilində uğurlar diləyib. Sonra müəssisə rəhbəri yeni tədris ilində qarşıya qoyulan əsas vəzifələrdən bəhs edib.
Tədbirdə çıxış edən Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev yeni tədris ilində müəllim və şagirdlərə uğurlar arzulayıb. Ölkəmizdə təhsil sisteminin bütün pillələri üzrə islahatların uğurla həyata keçirildiyini bildirən idarə müdiri Prezident İlham Əliyevin təhsilə diqqət və qayğısından danışıb.
İdarə müdiri şagirdlərə müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı tövsiyə edib.
Mərasim şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirilib.
Tədbirdən sonra idarə müdiri “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunan ilk dərslərdə iştirak edib, müvafiq tövsiyələrini nəzərə çatdırıb.